14.12.2017

       14 dekabr 2017-ci il tarixdə Xaçmaz  Rayon Təhsil Şöbəsində  “Təmayül siniflərində fənlərin tədrisi” mövzusunda  dəyirmi masa keçirilmişdir.  

      

Dəyirmi masada Azərbaycan Respublikası Təhsil İnstitutu ümumi təhsilin və məktəbdənkənar təhsilin kirikulumu şöbəsinin müdiri  İbadova Bibixanım Orucəli qızı, Xaçmaz RTŞ-nin əməkdaşları, ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinin nümayəndələri iştirak edirdi. Xaçmaz rayon ümumtəhsil məktəblərinin X siniflərində təşkil olunan təmayül siniflərində fənlərin tədrisi,  problemlər, rəy və təkliflər dinlənilmişdir.

Tədbiri ilk sözü ilə Xaçmaz RTŞ-nin müdiri M.Nurməmmədova açaraq iştirakçıları salamladı, bildirdi ki, cari tədris ilində  Xaçmaz rayonunda yaradılmış 12 mərkəzdə təmayül sinifləri fəaliyyətə başlamışdır. Bu siniflərdə görülmüş işlər, qarşıya çıxan problemlər, işə dair səmərəli təkliflər bugünki iclasın müzakirə obyektidir. Bu barədə çıxış üçün sözü Azərbaycan Respublikası Təhsil İnstitutunun ümumi təhsilin və məktəbdənkənar təhsilin kirikulumu şöbəsinin müdiri Bibixanım İbadovaya verdi. Bibixanım İbadova hamını salamlayaraq təmayül siniflərinin təşkilində işin gedişi qarşıya çıxan problemlər, rəy və təkliflər barədə masa ətrafı müzakirəyə keçilməsini  təklif etdi.

    Xaçmaz şəhər 6 №-li tam orta məktəbin direktoru Daxil Qurbanov  -  Toplantı iştirakçılarını salamlayaraq bildirdi ki, cari tədris ilində  Xaçmaz şəhər 6№-li tam orta məktəbində 3 təmayül sinfi fəaliyyətə başlamışdır. Təmayül siniflərinin təşkili şagirdlərin təhsil istiqamətində irəliləyişinə xüsusi təkan verir. O, bu sahədə Xaçmaz şəhər 6№-li tam orta məktəbində müəyyən işlərin görüldüyünü qeyd edərək bildirdi ki, təmayül siniflərin təşkili həm də müəllimlərin pedaqoji ustalığını artırmağa kömək edir.

     Xaçmaz RTŞ-nin metodisti Məhərrəm Abasov çıxışında iştirakçıları salamlayaraq son illərdə respublikamızda təhsil sahəsində gedən yeniliklərdən söz açaraq təmayül siniflərinin yaradılmasını təhsil sahəsindəki ən başlıca uğurlu addım hesab etmişdir. Belə ki, təmayül siniflərinin təşkili nəinki şagirdi,  həm də müəllimi fəallaşdırır, onlara öz işinə tədqiqatçı və yaradıcı münasibəti aşılayır.

     Digər müəllimlər tərəfindən söylənilən fikir, təklif, irad, sual və rəyləri dinləyərək Azərbaycan Respublikası Təhsil İnstitutu ümumi təhsilin və məktəbdənkənar təhsilin kirikulumu şöbəsinin müdiri  Bibixanım İbadova çıxışına başladı. O, bildirdi ki, dərsliklər standartlar əsasında hazırlanmış, mövzular standartların reallaşdırılmasına xidmət etmək üçün seçilmişdir. Fənlər üzrə  mövzular standartları reallaşdırmaq məqsədi daşıyır. Dərslik vasitədir. Əsas standartdır. Deməli dərslik olmadan da standartı reallaşdırmaq mümkündür. Əsas odur ki, müəllim öz işinə  ustalıqla yanaşsın, yaradıcı əməyə şagirdləri cəlb edə bilsin. Müəllim hər zaman yaradıcılıq axtarışında olmalıdır. Qarşısına qoyduğu standartı reallaşdırmaq üçün yanaşma metodlarını özü seçir. Belə ki, formativ qiymətləndirmə vasitəsilə müəllim hər gün şagirdin təlim nailiyyətlərini izləyir, şagirdin dərsdəki səviyyəsini öyrənir. Bu elə sinifdaxili monitorinq deməkdir. Şagirdin nailiyyəti müəllimin fəaliyyətidir. Təmayül siniflərin əlavə dərs vəsaitləri ilə təchizatı məsələsinə toxunarkən B.İbadova qeyd etdi ki, əyani vəsait dərsi daha fəallaşdırır, ondan istifadə zəruridir. Bu sahədə təhsil sistemində müəyyən işlər görülməkdədir.  Təmayül siniflərində çalışan müəllimlər üçün metodik vəsaitlər dərc olunmuşdur. Bu sahədə  əlavə vəsaitlərin olmasına görünür ki, ehtiyac vardır. Buraxılış sinif şagirdlərinin ali məktəblərə qəbul qaydaları haqqında fikir söyləyərkən Bibixanım İbadova bildirmişdir ki, ali məktəblərə qəbul sualları standartlara uyğun  şəkildə tərtib olunacaqdır. Ümumiyyətlə, şagird üçün mövzunu əzbərləmək yox, onun mahiyyətini anlayaraq həyati bacarıqların formalaşdırılması əsas şərtdir. Sonda o, toplantı iştirakçılarına iştiraklarına və öz dəyərli fikirlərinə görə minnətdarlığını bildirdi.

 


Açar sözlər: