22.06.2018

Yuxarı sinif şagirdləri  və müəllimlər arasında görüş keçirilib

İyunun  21-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri – Hökumət Təşkilatının Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İnnovativ İdeya və Təşəbbüslər” İctimai Birliyinin görüşü keçirilib. Görüş Ə.Tahirov adına Köhnə Xaçmaz kənd tam orta məktəbinin XI sinif şagirdləri və pedaqoji kollektivi arasında baş tutub.

Görüşdə rayonumuzun qonağı, “İnnovativ İdeya və Təşəbbüslər” İctimai Birliyinin rəhbəri, millət vəkili Elşən Musayev, və rayonumuzun 55 saylı seçki dairəsindən  seçilmiş millət vəkili Eldəniz Səlimov iştirak edib.

Tədbiri giriş sözü ilə məktəbin direktoru İnqilab Musayev açaraq ilk öncə qonaqları və görüş iştirakçılarını salamlayıb, pedaqoji kollektiv və yuxarı sinif şagirdləri arasında belə görüşlərin keçirilməsinin yüksək əhəmiyyət daşıdığını vurğulayıb. Sonra söz millət vəkili Elşən Musayevə verilib, ilk öncə görüş iştirakçılarını salamlayraq, “Milli ailə dəyərlərinin və məişət zorakılığının təbliği, gənclər və gənc ailələrlə görüşün təşkili “ mövzusunda geniş çıxış edib. Çıxışında görüşün əsas məqsədindən, gənc ailələr arasında ailə dəyərlərinin qorunub saxlanılmasından, gənc nəslin tərbiyəsindən, çoxəsrlik tarixə malik böyüyə hörmət ənənəsini qoruyub gələcək nəsilə ötürülməsindən danışıb.

Bildirib ki, mənəviyyat insanın daxili aləmi, onun mənəvi xəzinəsidir. Hər bir xalqın varlığı, onun kimliyi ilk növbədə milli mənəvi dəyərlərində əks olunur. Dövlətin dövlətçilik  xüsusiyyətlərindən biri də elə məhz ona məxsus olan dəyərlərdir. Xalqımızın da özünəməxsus çox qiymətli dəyərləri var. Bizi başqa xalqlardan, millətlərdən fərqləndirən, bir çox məqamlar da milli-mənəvi dəyərlərimiz, mədəniyyətimiz və mənəviyyatımızıdır.

Sonra millət vəkili Eldəniz Səlimov çıxış edib. Çıxışında xalqımızın məişətində və həyatında əsrlər boyu formalaşan müxtəlif adət-ənənələrimizdən, milli, mənəvi əxlağı dəyərlərimizin çox qədim tarixi köklə bağlı olduğundan, Azərbaycan ailəsinin digər xalqlara nümunə olmasından, ölkəmizdə ailənin inkişafı və sosial təminatı, qadın və uşaq hüquqlarının qorunuması istiqamətində atılan müsbət addımlardan söz açıb.

Daha sonra şagirdləri və müəllimləri maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılıb. Sonda qonaqlarla birgə xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, görüş digər məktəblərdə - akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb liseyində və A.Səlimov adına Xaçmaz şəhər 7 nömrəli tam orta məktəbində  davam etdirilib.


Açar sözlər: ,  ,  ,