13.11.2019

“Ölkəmizi tanıyaq” tur aksiyasında iştirak edəcək məktəblilərlə görüş keçirilib

Ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən IX-XI sinif şagirdləri üçun “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur aksiyalarının növbəti XII mərhələsi təşkil olunub.

Xaçmaz rayonun ümumtəhsil məktəblərinin ən qabaqcıl biliyi və istedadı ilə seçilən nümunəvi 40 nəfər məktəbli tur aksiya çərçivəsində 13-16 noyabr 2019-cu il tarixlərədək Gəncə-Şəmkir -Göygöl istiqaməti üzrə rayonlara səfər edəcəklər.

Bu münasibətlə 12 noyabr 2019-cu il tarixdə Xaçmaz Rayon İcra Hakimiyyətinin Başçısı cənab Elnur Rzayev tur aksiyasında iştirak edəcək 40 nəfər məktəbli və onların rəhbərləri ilə görüşüb. Elnur Rzayev ilk öncə tur iştirakçılarını salamlayıb, daha sonra çıxışında gənc nəslin dərin biliklərə yiyələnməsi, milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması, geniş dünyagörüşünün daha da zənginləşməsində “Ölkəmizi tanıyaq” tur aksiyasının əhəmiyyətindən, Ölkə başçısı cənab İlham Əliyevin hər zaman gənclərə göstərdiyi diqqət və qayğıdan söz açıb. O,çıxışında gənclərimizin ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu sahəsində qurub yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə bölgələrdə gedən genişmiqyaslı abadlıq-quruculuq işləri ilə həyata keçirilən önəmli sosial layihələrlə, tarixi abidələrlə, müzeylərlə, hər bir bölgənin özünəməxsus adət-ənənələri ilə yaxından tanış olacaqlarını bildirib.

Görüşdə Xaçmaz Rayon Təhsil Şöbəsinin müdiri Mədinə xanım Nurməmmədova, Rayon Gənclər və İdman İdarəsinin rəisi Elman Məmmədov iştirak edib. Onlar da çıxışlarında maarifləndirici layihə yeni nəslin vətənpərvərlik ruhunun formalaşmasında, eyni zamanda ölkəmizin hər bir guşəsinin tanınmasında böyük rol oynamasında, gənclərə göstərilən diqqət və qayğıdan söz açıblar.

Daha sonra tur-aksiya iştirakçılarına uğurlu yol diləyiblər.

Tədbirin sonunda çıxış edən məktəblilər maarifləndirici tur aksiyasının əhəmiyyətini yüksək dəyərləndirərək onlar üçün belə bir şəraitin yaradılması, onlara göstərilən diqqət və qayğıya görə ilk növbədə cənab Prezidentə öz dərin təşəkkürlərini bildiriblər.

Bu gün səhər saatlarında tur aksiya iştirakçılarının yolasalınma mərasimi keçirilib.Yolasalınma mərasimində Rayon İcra Hakimiyyətinin, Rayon Təhsil Şöbəsinin, Rayon Gənclər və İdman İdarəsinin nümayəndələri, məktəb direktorları və şagirdlərin valideynləri iştirak ediblər.

Tur aksiya iştirakçıları ilk öncə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər. Sonra məktəblilər Dövlət Himnini canlı ifa ediblər.

Sonda tur aksiya iştirakçıları, onlar üçün ayrılmış xüsusi avtobusla yola salınblar.