06.02.2019

      Xaçmaz rayonun ümumtəhsil məktəblərində “Gəlin, narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib

   

        Rayon Polis Şöbəsinin və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılğı ilə yuxarı sinif şagirdləri arasında “Gəlin, narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbirlərin həyata  keçiriliməsi davam etdirilir.

Növbəti görüş rayonun Palıdlı və Dədəli kənd tam orta məktəblərində baş tutub. 

Tədbirdə  Rayon Polis Şöbəsinin  rəisi, polkovnik Nofəl Məhərrəmov, Rayon Təhsil Şöbəsinin müdiri Mədinə xanım Nurməmmədova, Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ceyhun Musayev, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının narkoloji həkimi Ağakərim Muradxanov, hər iki məktəbin pedaqoji kollektivi, yuxarı sinif şagirdləri və valideynlər iştirak ediblər.

Məktəb rəhbərləri  əsrin bəlası olan narkomaniyaya qarşı mübrizəni təmin etmək məqsədilə şagirdlər arasında belə tərbiyəvi mövzuda keçirilən görüşlərin yüksək əhəmiyyətə malik olduğunu diqqətə çatdırıblar.

 Polis Şöbəsinin rəisi, polkovnik Nofəl Məhərrəmov hər iki məktəbdə tədbirin əsas mahiyyəti və əhəmiyyəti barədə şagirdləri məlumatlandırıb.Çıxışında dünya üçün ən təhlükəli bəlalardan biri olan narkomaniyanın insan həyatını zəhərləyən bir epidemiyaya çevrilməsindən, “ağ ölüm” adlandırılan narkomaniyaya qarşı mübarizənin aparılmasında polis əməkdaşları ilə birgə vətəndaşların da rolunun vacibliyindən, bu istiqamətdə rayonda aparılan mübarizə tədbirlərindən danışıb, şagirdlərə təhsildə müvəffəqiyyətlər arzulayıb.

Hər iki məktəbdə keçirilən görüşdə RTŞ-nin müdiri Mədinə xanım Nurməmmədova çıxış edərək narkotik maddələrin insan sağlamlığına vurduğu zərərlərdən, sağlamlığını və işgüzarlıq qabiliyyətini itirilməsindən, gənc nəslin elm və biliklə məşğul olaraq daha savadlı olmalarını tövsiyə edib.

 Digər çıxış edənlər də bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən “ağ ölüm” adlandırılan narkomaniya və onun acı fəsadlarından geniş söz açıblar.

Keçirilən görüşlərdə müəllim və şagirdləri maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılıb.

Sonda hər iki məktəbdə “ Bəla”  adlı  film nümayiş etdirilib.

Qeyd edək ki, mövzu ətrafında maarifləndirici tədbirlərin keçirilməsi rayonun digər ümumtəhsil məktəblərində də davam etdiriləcək.