27.02.2019

Xaçmaz məktəbliləri arasında “Gəlin, narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilməsi davam etdirilir  

Ə.Tahirov adına Köhnə Xaçmaz kənd tam orta məktəbin IX-XI sinif şagirdləri arasında  Rayon Polis Şöbəsinin təşkilatçılğı ilə “Gəlin, narkomaniyaya yox deyək” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.

Görüşdə Polis Şöbəsinin rəisi, polis polkovniki Nofəl Məhərrəmov, Xaçmaz Rayon Təhsil Şöbəsinin müdiri Mədinə xanım Nurməmmədova, Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ceyhun Musayev, Mərkəzi Rayon Xəstəxanasının həkim narkoloqu Ağakərim Muradxanov, məktəbin pedaqoji kollektivi və yuxarı sinif şagirdləri iştirak ediblər.

İlk öncə məktəbin direktoru İnqilab Musayev yuxarı sinif şagirdləri arasında tərbiyəvi əhəmiyyət daşıyan belə tədbirlərin keçirilməsini vacib sayıb,gələn qonaqlara təşəkkürünü bildirib.

Tədbirdə Polis Şöbəsinin rəisi, polis polkovniki Nofəl Məhərrəmov geniş çıxışında əsrin ən qorxulu bəlası olan narkomaniyanın insanın mənəvi aləminə, onun orqanizminə, səhhətinə, sağlamlığına və mənəviyyatına ən sağalmaz zərbələrin vurulmasından söz açıb. Şagirdlərə təhsildə müvəffəqiyyətlər arzulayıb.

Sonra söz Rayon Təhsil Şöbəsinin müdiri Mədinə xanım Nurməmmədovaya verilib.Çıxışında narkotik maddələrin insan sağlamlığına vurduğu zərərlərdən, dövlətimizin gənclərin sağlam həyatına və hərtərəfli inkişafına göstərdiyi qayğıdan söz açıb. Şagirdlərə qarşıdan gələn imtahanlarda uğurlar arzulayıb.

Tədbirdə, həmçinin digər iştirakçıların da mövzu üzrə çıxışları dinlənilib.

Keçirilən tədbirdə müəllim və şagirdləri maraqlandıran suallar qonaqlar tərəfindən dolğun  cavablandırılıb.

Sonda  “ Bəla” adlı videoçarx nümayiş etdirilib.