15.03.2019

 “Ölkəmizi tanıyaq” maarifləndirici tur aksiyanın iştirakçıları ilə görüş keçirilib

  14 mart 2019-cu il tarixdə Xaçmaz Heydər Əliyev Mərkəzində “Ölkəmizi tanıyaq” layihəsi üzrə keçirilən növbəti-maarifləndirici tur aksiya çərçıvəsində Lənkəran, Masallı, Astara bölgələrinə səfər edəcək IX-XI sinif şgirdləri ilə görüş keçirilib.

  Görüşdə Rayon İcra Hakimiyyətinin, Rayon Təhsil Şöbəsinin, Rayon Gənclər və İdman İdarəsinin nümayəndələri, müəllimlər və məktəblilər iştirak edib.

  Keçirilən görüşdə RİH-nin Başçısının I müavini İlhamə xanım Nəzərova, Rayon Təhsil Şöbəsinin müdiri Mədinə xanım Nurməmmədova, Rayon Gənclər və İdman İdarəsinin rəisi Elman Məmmədov çıxış edərək gənc nəslin dərin biliklərə yiyələnməsi, milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması, geniş dünyagörüşünün daha da zənginləşməsində “Ölkəmizi tanıyaq” tur aksiyasının əhəmiyyətindən, Ölkə başçımızın gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsindən danışıblar. Çıxışlarında gənclərimizin ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu sahəsində qurub-yaratdığı müstəqil Azərbaycanın  nailiyyətləri ilə, bölgələrdə gedən genişmiqyaslı abadlıq quruculuq işləri ilə, həyata keçirilən önəmli sosial layihələrlə, tarixi abidələrlə, muzeylərlə, hər bir bölgənin adət-ənənələri ilə yaxından tanış olacaqlarını vurğulayıblar.

  Lənkəran, Masallı, Astara bölgələrinə səfər edəcək rayonun ümumtəhsil məktəblərinin biliyi və istedadı ilə seçilən 40 nəfər məktəbliyə xoş arzularını bildirib, onlara uğurlu yol diləyiblər.

  Daha sonra çıxış edən məktəblilər maarifləndirici tur- aksiyanın əhəmiyyətini yüksək dəyərləndirərək onlar üçün belə bir şəraitin yaradılması, onlara göstərilən diqqət və qayğıya görə ilk növbədə  cənab Prezidentə öz dərin təşəkkürünü bildiriblər.