29.03.2019

Rus dili və ədəbiyyatı fənni üzrə XI Respublika olimpiadası keçirilib

 

Martın 29-da Xaçmaz şəhər akademik Zərifə Əliyeva adına məktəb liseydə şimal bölgəsinin tədris Azərbaycan və rus dillərində olan ümumtəhsil məktəblərinin VII-VIII sinif şagirdləri arasında rus dili və ədəbiyyatı fənni üzrə XI Respublika olimpiadası keçirilib.

Olimpiadaya Şabran, Quba, Qusar və Xaçmaz rayonlarının tədris Azərbaycan və rus dillərində olan ümumtəhsil məktəblərinin şagirdləri qatılıb.

Olimpiada Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi ilə Rusiya  Federasiyasının Müstəqil Dövlətlər Birliyi, Xaricdə Yaşayan Həmvətənlərlə İş və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin Azərbaycandakı nümayəndəliyinin, Azərbaycanda Rusdilli Ümumtəhsil Müəssisələrin Müəllimlərinin  Assosiasiyasının, Rusiya Mədəniyyət və İnformasiya Mərkəzinin nümayəndəliyinin  birgə təşkilatçılığı ilə keçirilib.

İlk öncə tədbir  Azərbaycan Respublikasının  Dövlət himninin səsləndirilməsi ilə başlanılıb.

Tədbirin rəsmi hissəsini Xaçmaz Rayon Təhsil Şöbəsinin Rus dili və ədəbiyyatı fənninin metodisti Reyhan xanım Eyvazova açaraq, qonaqları salamlayıb və belə tədbirlərin keçirilməsinin yüksək əhəmiyyətə malik olduğunu qeyd edib.

Sonra söz Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin rəhbəri Denisov Valentin Petroviçə verilib.O,çıxışında Azərbaycanda rus dilinə böyük marağın olmasından, burada rus dilinin inkişafı üçün geniş imkanların yaradılmasından, belə tədbirlərin keçirilməsi Rusiya və Azərbaycan dostluğunun inkişafına xüsusi önəmin verilməsindən danışıb, olimpiadada iştirak edən şagirdlərə uğurlar arzulayıb.

Daha sonra akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb liseyin şagirdləri rus dilində çıxışlar edib, şeirlər səsləndirib, rəqslər oynayıblar. 

 Olimpiadada Xaçmaz rayonun ümumtəhsil məktəblərindən 83 nəfər, Quba rayon ümumtəhsil məktəblərindən 32 nəfər, Qusar rayon ümumtəhsil məktəblərindən 29 nəfər, Şabran rayon ümumtəhsil məktəblərindən 25 nəfər, ümumilikdə isə 169 nəfər şagird iştirak edib. Şagirdlər qaydalara əsasən test tapşırıqları üzrə bilik və bacarıqlarını sınayıblar.

Olimpiadanın yekununda şagirdlərə sertifikatlar təqdim edilib.

Qeyd edək ki, zonalar üzrə qalib seçilən şagirdlər 4 iyun 2019-cu il tarixdə Bakı Dövlət Universitetində keçiriləcək olimpiadanın yekun mərhələsi və qaliblərin mükafatlandırılması mərasimində iştirak edəcəklər.