27.05.2019

   “Gəlin, narkomaniyaya yox deyək” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib      

Xaçmaz rayonu Müzəffəroba kənd tam orta məktəbin IX-XI sinif şagirdləri arasında  Rayon Polis Şöbəsinin təşkilatçılğı ilə “Gəlin,narkomaniyaya yox deyək” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.

Tədbirdə Xaçmaz Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Nofəl Məhərrəmov, Rayon Təhsil Şöbəsinin müdiri Mədinə xanım Nurməmmədova, Rayon İcra Hakimiyyətinin nümayəndəsi Ceyhun Musayev, Regional Mədəniyyət İdarəsinin əməkdaşı Fərid Musayev, Rayon Gənclər və İdman İdarəsinin müdiri Elman Məmmədov, Mərkəzi Rayon Xəstəxanasının həkim narkoloqu Ağakərim Muradxanov, məktəbin pedaqoji kollektivi və yuxarı sinif şagirdləri iştirak ediblər.

İlk öncə məktəbin direktoru Fərzalı Həsənov yuxarı sinif şagirdləri arasında tərbiyəvi əhəmiyyət daşıyan belə tədbirlərin keçirilməsinə görə qonaqlara təşəkkürünü bildirib.

Tədbirdə Polis Şöbəsinin rəisi, polis polkovniki Nofəl Məhərrəmov çıxış edib. O, çıxışında tədbirin əsas mahiyyəti və əhəmiyyəti barədə şagirdləri məlumatlandırıb. Çıxışında narkomaniyanın insanın fiziki sağlamlığına ağır zərbələrin vurulmasından, ətraf aləmdən təcrid olunmasından, müxtəlif xəstəliklərin yaranmasından,”ağ ölüm”dən qorunmağın yollarından söz açıb. Bu  istiqamətdə rayonda aparılan mübarizə tədbirlərindən danışıb. Şagirdlərə təhsildə müvəffəqiyyətlər arzulayıb.

Sonra söz Rayon Təhsil Şöbəsinin müdiri Mədinə xanım Nurməmmədovaya verilib. Çıxışında narkotik maddələrdən istifadə edilməsinin milli-mənəvi dəyərlərə zidd olduğunu, gələcəyimiz olan gənclərin sağlam böyüməsinin, onların bu bəladan qorunmasının vacibliyini vurğulayıb, rayonun ümumtəhsil məktəblərində mövzu ilə bağlı müxtəlif müsabiqələrin, tədbirlərin keçirilməsini qeyd edib.

Tədbirdə həmçinin digər iştirakçıların da mövzu ətrafında çıxışları dinlənilib.

Keçirilən tədbirdə müəllim və şagirdləri maraqlandıran suallar qonaqlar tərəfindən ətraflı cavablandırılıb.

Sonda  “ Bəla” adlı videoçarx nümayiş etdirilib.