03.06.2019

Məktəblilər  “Gəlin, narkomaniyaya yox deyək” mövzusunda maarifləndirilib

Xaçmaz şəhər C.Cabbarlı  adına 6 nömrəli tam orta məktəbdə Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə yuxarı sinif şagirdləri arasında “Gəlin, narkomaniyaya yox deyək mövzusunda tədbir keçirilib.

Tədbirdə Xaçmaz Rayon Polis Şöbəsinin, Rayon Təhsil Şöbəsinin, Rayon İcra Hakimiyyətinin,Regional Mədəniyyət İdarəsinin nümayəndələri, Mərkəzi Rayon Xəstəxanasının həkim narkoloqu, məktəbin pedaqoji kollektivi və yuxarı sinif şagirdləri iştirak ediblər.

İlk öncə sözü məktəbin direktoru Daxil Qurbanov açaraq gələn qonaqları salamlayb, əsrin bəlası olan narkomaniyaya qarşı mübrizəni təmin etmək məqsədilə şagirdlər arasında belə tərbiyəvi mövzuda keçirilmiş tədbirlərin yüksək əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Bildirib ki, biz hər birimiz çalışmalıyıq ki, yetişən gənc nəsil sağlam böyüsün,Vətənə layiq övlad olsun.

Sonra söz  Polis Şöbəsinin rəisi, polis polkovniki Nofəl Məhərrəmova verilib. O, çıxış edərək narkotik vasitələrdən asılılıq və onun törətdiyi bəlalardan, insan həyatına, onun fiziki sağlamlığına vurduğu ağır zərbələrdən danışıb. Şagirdləri sağlam həyat və yüksək mənəviyyat naminə narkomaniyaya hər zaman yox deməyə çağırıb.

Daha sonra söz Regional Mədəniyyət İdarəsinin müdiri Nazim Ağayevə verilib.Çıxışında bildirib ki, dünyada milyonlarla, ölkəmizdə isə minlərlə insan bu bəladan əziyyət çəkir. Narkotiklərlə mübarizənin əsas rolu onların istifadəsinə heç zaman yol verməməkdir. Pis vərdişlərə qarşı mübarizə aparmaq hər bir insanın borcudur. Cəmiyyətin bütün üzvləri ”ağ ölum”ə qarşı mübarizə aparmalıdır.

Digər çıxış edənlər də narkomaniyadan istifadə edən insanların sağlamlığında ağır və sağalmaz xəstəliklərin yaranmasından söz açıblar.

Keçirilən tədbirdə müəllim və şagirdləri maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılıb.

Sonda narkotik maddələrin zərərlərindən bəhs edən videoçarx nümayiş olunub.