23.09.2019

Məktəblilər arasında “Gəlin, narkomaniyaya yox deyək” mövzusunda  maarifləndirici tədbir keçirilib      

Xaçmaz  şəhər B.Rəsulov adına 5 nömrəli tam orta məktəbin yuxarı sinif şagirdləri arasında Rayon Polis Şöbəsinin və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılğı ilə “Gəlin, narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Xaçmaz Rayon Polis Şöbəsinin, Rayon Təhsil Şöbəsinin, Rayon İcra Hakimiyyətinin nümayəndələri, Mərkəzi Rayon Xəstəxanasının həkim- narkoloqu, məktəbin pedaqoji kollektivi və yuxarı sinif şagirdləri iştirak ediblər.

İlk öncə məktəbin direktoru Nazagül Nəsirova yuxarı sinif şagirdləri arasında tərbiyəvi əhəmiyyət daşıyan belə görüşlərin keçirilməsini vacib sayıb, gələn qonaqlara öz dərin təşəkkür və minnətdarlığını bildirib.

Tədbirdə Polis Şöbəsinin rəis müavini Teymur Mehvalıyev çıxış edərək  ölkəmizdə narkomaniyaya qarşı mübarizənin gücləndirilməsindən, “ ağ ölüm” adlandırılan narkomaniya və onun acı fəsadlarından, narkomaniyadan qorunmağın yolları barədə  şagirdlərə ətraflı məlumat verib, şagirdlərə təhsildə müvəffəqiyyətlər arzulayıb,

Sonra söz Rayon Təhsil Şöbəsinin müdiri Mədinə xanım Nurməmmədovaya verilib, çıxışında yaşadığımız dövrdə ümumbəşəri bəla çevrilən narkomaniyanın cəmiyyətdə və insanın şəxsi həyatında törədə biləcəyi neqativ hallardan söz açıb,çıxışında dövlətimizin hər bir vətəndaşa olan qayğısından danışıb,şagirdlərə yeni dərs ilində uğurlar arzulayıb.

Digər çıxış edənlər də narkomaniyadan istifadə edən insanların sağlamlığında ağır və sağalmaz xəstəliklərin yaranmasından söz açıblar.

Keçirilən tədbirdə müəllim və şagirdləri maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılıb.

Tədbirin sonunda narkomaniyanın mənfi fəsadlarından bəhs edən video çarx nümayiş etdirilib.