08.12.2021

Xaçmaz  məktəbliləri arasında “Gəlin narkomaniyaya yox deyək” mövzusunda  tədbir keçirilib

Rayonun Əfqan Yəhyayev adına Çiləgir kənd tam orta məktəbin yuxarı sinif şagirdləri arasında  Rayon Polis Şöbəsinin təşkilatçılğı ilə “Gəlin, narkomaniyaya yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Xaçmaz Rayon Polis Şöbəsinin, Rayon Təhsil Şöbəsinin, Rayon İcra Hakimiyyətinin nümayəndələri, Mərkəzi Rayon Xəstəxanasının həkim narkoloqu, məktəbin pedaqoji kollektivi və yuxarı sinif şagirdləri iştirak ediblər.

İlk öncə məktəbin direktoru Anar Nəcməddinli yuxarı sinif şagirdləri arasında tərbiyəvi əhəmiyyət daşıyan belə görüşlərin keçirilməsinə görə qonaqlara öz dərin təşəkkür və minnətdarlıq hissini bildirib.

Tədbirdə Polis Şöbəsinin rəisi, polis polkovnik-leytinantı Həmid Həsənov çıxış edib. Çıxışında bu gün bəşəriyyətin sağlam həyat tərzini pozan və onun ən ağrılı problemlərindən biri olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya və onun gətirdiyi saysız-hesabsız bəlalardan geniş  söz açıb. Narkomaniyadan qorunmağın yolları barədə  şagirdlərə ətraflı məlumat verib, çıxışında dövlətimizin hər bir vətəndaşa olan qayğısından danışıb, şagirdlərə təhsildə müvəffəqiyyətlər arzulayıb.

Sonra söz Rayon Təhsil Şöbəsinin müdiri İnqilab Musayevə verilib, çıxışında ümumbəşəri bəlaya çevrilmiş narkomaniyaya qarşı gəncləri diqqətli olmağa və sağlam həyat yaşamağa, daim biliklərini və təhsillərini artırmağa çağırıb.

Digər çıxış edənlər də narkomaniyadan istifadə edən insanların sağlamlığında ağır və sağalmaz xəstəliklərin yaranmasından söz açıblar.

Keçirilən tədbirdə müəllim və şagirdləri maraqlandıran suallar qonaqlar tərəfindən cavablandırılıb.

Sonda məktəbə idman ləvazimatları hədiyyə olunub, narkotik maddələrin zərərlərindən bəhs edən videoçarx nümayiş olunub.

 


Açar sözlər: ,  ,  ,